26.09.2025, 23:26
AZ EN
26.08.2025, 07:00

Adı kimi Mehriban xanım...

Mina RƏŞİD

  • Bu gün Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür.

Mehriban xanımın gördüyü işlərlə tanış olmaq, onu daha yaxından tanımaq üçün ötən illərə səyahət etdim. Bu nəcib insanın qaçqın və məcburi köçkülərlə görüşlərini izlədim.

Gördüm ki, Tibb Universitetinin 4 saylı yataqxanasında məskunlaşan elindən, evindən didərgin düşmüş yaşlı qadın onu elə qucaqlayır ki, sanki ən əziz, doğma bir insanla görüşür. Çünki Mehriban xanım köçkünlərlə görüşündə elə bil, onlardan biri olurdu. Onu böyük sevgi ilə əhatəyə almış, ona böyük ümidi olan insanlara təkcə dili ilə yox, həm də xeyirxah qəlbi ilə deyirdi ki, mən sizi çox... çox sevirəm. Sizin necə çətin şərairtdə yaşadığınızı anlayıram. Dövlətin, bizim ən böyük vəzifəmiz ilk növbədə sizin yanınızda olmaq və sizə normal həyat şəraiti yaratmaqdı. Mehriban xanım yataqxanalarda köçkünlərin qonağı olur, onların günü-güzəranı, yaşayışı ilə daha yaxından tanış olmağa çalışırdı.

Birinci xanım bundan sonra “Qobu Park” yaşayış kompleksinə gələrək  burada dövlət tərəfindən onlara verilmiş rahat mənzillərində köçkünlərlə görüşür. Bir qazi ailəsinin qonağı olur. Onu böyük sevgi və hörmətlə qarşılayıb, dövlətimizə təşəkkürlərini bildirirlər. Mehriban xanım deyir ki, Sizin sevginizdən, inamınızdan güc alıram. İnşallah, biz Qarabağda bax belə gözəl mənzillərdə görüşəcəyik...

Dövlətimizin, onun prezidenti, müzəffər Ali Baş Komandanımız İlham Əliyevin dəmir iradəsi, ordumuzun gücü ilə bu arzu gerçəkləşir. Mehriban xanım bu gün də işğaldan azad edilmiş torpaqlarımızı qarış-qarış gəzir. Heydər Əliyev Fondu ilə doğma Qarabağımıza öz layiqli töhfələrini verir. 

Prezident İlham Əliyev illər əvvəl çıxışında qeyd edir ki, Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipal, eyni zamanda xeyirxan insandır, xalq ona rəğbət və sevgi ilə yanaşır. İnanıram ki, o bundan sonra da ölkəmizin inkişafına öz dəyərli töhfəsini verəcək.

Bütün bu gözəl işləri həyata keçirmək üçün Mehriban xanım, özünün də söylədiyi kimi, doğma xalqından ilham alır. Deyir ki, inam və səmimiyyət olan yerdə yaradıcılıq əzmi xariqələr yaratmağa qadirdir.

Mehriban xanım ölkəmizin hüdudlarından kənarda da xeyir işlərə imza atır. Ölkələr, insanlar arasında heç bir irqi, dini fərq qoymadan dünya mədəniyyətinə öz töhfələrini verməklə Azərbaycanı tolerant bir ölkə kimi dünyaya təqdim edir. Ölkəmizə böyük sevgi, hörmət və rəğbət qazandırır.   

“Tutduğum vəzifədən və fəaliyyətimin istiqamətindən asılı olmayaraq mən həyatda həmişə sadə prinsiplərə arxalanmışam. Vicdan və layaqət, mərhəmət və xoşniyyət, ədalət və qarşılıqlı hörmət Tanrının insana verdiyi ən ali və gözəl xüsusiyyətlərdi. Bu tribunadan söz verirəm ki, gələcək fəaliyyətimdə də mənəvi dəyərləri həmişə üstün tutacam. Azərbaycanın müstəqilliyinin qorunması, ölkəmizin hərtərəfli inkişafı üçün bütün gücümlə calışacam”. Bu fikirlər Mehriban xanım Əliyevanın illər öncə parlamentdəki çıxışlarındandır. Onun sözünə necə əməl etməsi gözümüz önündədir, gündən-günə inkişaf edən ölkəmizin hər yerində, Qarabağda, Şərqi Zəngəzurda...

Doğum gününüz mübarək, adı kimi özü də mehriban, xeyirxah, əziz Mehriban xanım!

Mina RƏŞİD