26.09.2025, 17:26
AZ EN
21.08.2025, 13:00

Laçında Aşıq Umbay şöləni

Şərif AĞAYAR

Üçüncü yazı

  • Laçın işğaldan azad olunandan sonra vətənin ziyarətinə çox adamlar getdi. Təbii, ən çox yaşlı adamların səfəri, öz məhəlləsini, evini görməsi adama təsir edirdi. Bu adamlar arasında 80 yaşını adlamış məşhur aşıq, əməkdar incəsənət xadimi Umbay Axundov da vardı. Mən onun Laçın ziyarətini sosial şəbəkələrdə görəndə belə bir şərh yazdım:

“Adam var yalnız o dağları ziyarət edir, adam da var o dağları, dağlar da onu ziyarət edir. Aşıq Umbay kimi...”

Çoxuna mübaliğə kimi görünən bu cümləni bilirsiniz nə üçün yazdım?

Aşıq Umbay Laçını, xüsusən Minkənd zonasını respublikada tanıdan sənətkarlardan olub. Onun iştirakı ilə ötən əsrin 80-ci illərində bizim doğma Ağbulaq kəndinin ərazisində yerləşən füsunkar təbiətli “Dəmirçi” bulağında çəkilən videomaterial məcburi köçkünlük illərində hamımızın qibləgahına çevrilmişdi. Tanınmış Laçınlı şair Hüseyn Kürdoğlu Ağbulaq kəndinə qonaq gəlib və təbiət qoynunda çal-çağır düzəldiblər.

Otuz ildən sonra Aşıq Umbay “Dəmirçi” bulağına getdi və gənc vaxtı qartal kimi qıy vurduğu məkanda, hətta həmin nöqtədə dayanıb şeir oxudu.

Sizcə qayıdış prosesində bundan daha gözəl nə ola bilər?

Aşıq Umbay Laçın saz sənətinin dastançılıq qolunun formalaşmasında əvəzsiz xidmətlər göstərib. O həm də şeirlər yazıb. Buna görə, biz tərəflərdə söz-ədəbiyyat ənənəsinin formalaşmasında da böyük rolu vardır. Şəxsən mənim yazı-pozu adamı kimi yetişməyimdə Aşıq Umbayın təsiri danılmazdır. Uşaq vaxtı gecələr səhərə kimi onun danışdığı dastanların, özündən düzüb-qoşduğu dadlı-duzlu, ibrətamiz əhvalatların çox dinləyicisi olmuşam. Ömrümdə əlimlə ilk toxunduğum saz Aşıq Umbayın sazı olun. Haradasa stolun üstündə idi. Barmağımla çanağına, üzünə və simlərinə toxundum və qorxub qaçdım. Böyüklər salıb sındırarlar deyə uşaqların musiqi alətlərinə yaxın düşməsinə imkan vermir, onlara acıqlanırdılar.  

Qismətə baxın: 29 avqust 2025-ci il, saat 11.00. Laçın şəhərində yerləşən LaCinema Kino Mərkəzində Aşıq Umbayın 85 illik yubileyi qeyd olunur.

Aparıcı isə mənəm!

Aparıcılıq etdim – inanmadım, yazıram – yenə inanmıram!

Doğrudan bu günlər gerçəklikdirmi?     

Əslində, Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı gəlməli idi. Aparıcılığı da o edəcəkdi. Mən də dəyərli dostumuzu Laçında böyük sevinclə gözləyirdim. Son anda Məhərrəm müəllim beynəlxalq tədbirlərin birində iştirak etmək üçün respublikanı tərk etməli oldu və onun çətin, məsuliyyətli vəzifəsini mənə həvalə etdilər. Açığı, bu heç də ürəyimcə deyildi. Çünki Aşıq Umbay kimi sənətkarın yubiley tədbirini aparmaq asan məsələ deyildi.

Özü də harada, harada – Laçında!

Allahıma min dəfə şükür edirəm ki, məni xəcalətli qoymadı, vəzifəmin öhdəsindən gələ bildim və hər kəs bir yana ustad özü tədbirdən çox razı qaldı. Bu məsələdə yaddaşım mənə kömək etdi. Çünki Laçın şairlərindən, o cümlədən elə Umbay müəllimin özündən, onun qohumları və yetirmələrindən xeyli şeir bilirdim. Xatırladım ki, Axundovlar nəslində Əmrah Dıda, Edilxan Axundov, Eynulla Sadıq, Sadıq Axundov, Elvin Axundov, Pərviz Axund, Əbdüləli Axundov, Hüseynxan Axundov, Təbriz Axundov və başqaları kimi istedadlı aşıqlar və şairlər var. Tanınmış muğam ifaçısı, Muğam müsabiqəsinin finalçısı Qənbər Axundov da bu nəsildəndir. Ümumilikdə Qarakeçdi kəndində əllidən çox şair və aşıq vardır. Mərhum sənətkar Ədalət Axundov da respublikada tanınan və sevilən sənətkarlardan idi. Onun Umbay müəllimlə birlikdə söylədiyi “Şah İsmayıl” dastanı dövlət televiziyasının “Qızıl Fondu”nda qiymətli xəzinə kimi saxlanılır və dastançılıq tariximizin incisi kimi qorunur.

Tədbirin ən çətin tərəfi çıxış etmək istəyənlərinin çoxluğu idi. Təkcə Kəlbəcərdən bir dəstə aşıq gəlmişdi: Aşıq Qəmbər, Aşıq Əfqan, Aşıq Elbrus, Aşıq Haxverdi (Goranboy)... Hətta gözlənilmədən Şirvan ellərindən bir aşıq da səhnəyə çıxdı. Dedi, Xankəndində idim, afişanı gördüm, dedim, bu fürsəti qaçırmaq olmaz. Yaxşı da çıxış elədi. İndi bunun üstünə gəl şair Eynulla Sadığın Aşıq Umbay yaradıcılığı haqda təxminən on dəqiqəlik məruzəsini, Laçın aşıqlarının və ziyalılarının çıxışını, başqa rayonlardan gələnlərin çıxışını, qonaqların məktəblilərin şeir deməsini, Aşıq Umbayın qazi nəvəsi Cövdət Axunovun körpə oğlu, özünün nəticəsi ilə səhnədə görüşməsi... Vaxtmı çatar buna?

Aşıq Umbay səhərəcən dastan deməyə öyrəşmiş adamdır, rəsmi tədbirlərin isə bir vaxtı-zamanı var. Doğrudur, bizi tələsdirən yoxdur, öz yerimiz-öz yuvamızdır, amma bütün hallarda üç saatı keçmək yolverilməzdir.

İnsafən deyim, Aşıq Umbay məndən çox narahat idi. Səhnədə yanaşı oturduğumuz üçün arada mənə tərəf əyilib tədbiri yığcamlaşdırmağımı, çıxışlara reqlament qoymağımı istəyirdi. O, adamların artıq zəhmət çəkməsini istəmirdi. Mən isə başdan-ayağa lentə alınan bu gözəl məclisi, bu gözəl görüşü sxematik idarə etməyə qıymır, işə yaradıcı yanaşırdım. Məncə alındı. Vaxtı-zamanı incitmədən istədiyimizi edə bildik. Səbəb isə sadə idi: hamı tədbirdə ürəklə iştirak edirdi və heç kim getmək istəmirdi. Axı belə tədbirləri çox arzulamışdıq. Elə Umbay müəllimə min dəfə alqış eləmişdik ki, növbəti yubileylərini Laçında keçirək.

Bu da Laçın!

Otuz il gözləmişdik, tələsən yerimiz yox idi.

Laçınlı ağsaqqal Qəzənfər Hüseynov, “Laçın Abadlıq” MMC-nin rəhbəri Elnur Abdullayev, tanınmış aşıq, müəllim, ziyalı Cabbar Cabbarov, rayon ziyalısı Tahir Bəndəliyev, laçınlı aşıqlardan Elvin Axundov, Aşıq Afil, Aşıq Pərviz, Aşıq Aybəniz və Aşıq Təbriz (duet) çox maraqlı çıxışlar etdilər.

Sosialist Əməyi Qəhrəmanı Şərqiyyə Vəliyevanın ürək sözləri, müasir dillə desək, yubiley şöləninə öz damğasını vurdu.

Əslən Kəlbəcərdən olan şair dostumuz Elşən Əzim iki sürprizlə gəlmişdi: həm Aşıq Umbaya nəzirə şeir həsr etmiş, həm də onun üçün dağ mənzərəsini əks etdirən tablo çəkmişdi.

Respublikada tanınan şair, Şamaxıdan yol alıb gəlmiş Şəhriyar del Gerani dost sözü dedi, dost arzusu bildirdi. 

Ənənəyə görə, aşıqlar məclisi “Divani” ilə açar, “Müxəmməs”lə bağlayar. Mən bu klassik qaydaya əməl etdim: tədbirin açılışında da, bağlanışında da sözü Aşıq Umbaya verdim. Əvvəldə “xoşgəldin” elədi, axırda “təşəkkür”ünü bildirdi. Ustad xüsusən tədbirin təşkilatçıları “Laçın Abadlıq” MMC-yə və “Simurq” kitabxanasına minnətdarlıq etdi. Bir təşəkkür də həm tədbirin təşkilində, həm səhnə tərtibatında çəkdiyi zəhmətə, üstəlik, etdiyi gözəl çıxışa görə əməkdar artist Ehtiram Hüseynova ünvanlandı.

Ən axırda isə ustad Aşıq Umbay sazı sinəsinə basıb otuz il əvvəlki şövqlə oxumağa başladı. Deyəsən, məclisin kulminasiyası elə bu çıxış oldu.

Beləliklə, Aşıq Umbayın laşın şəhərində keçirilən 85 illik yubileyi özünün gənclik eşqi və ustad ifası ilə ən pik nöqtəsində sona çatdı.