Füzuli zirvəli, Vaqif axarlı,
Mənim Qorqud dilim, Ələsgər dilim!
Ömrümün naxışı, bəxtımın xalı,
Dadda, şirinlikdə bal- şəkər dilim!
Unudulmaz Xalq şairimiz Zəlimxan Yaqubun təbirincə desək, bu gün bal-şəkər olan dilimizin günüdür. Bu gün Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür. Dilimizdən danışarkən ilk növbədə Ulu Öndərimizin fikirləri yada düşür. Dilimizin varlığı, yaşaması və inkişafı üçün Azərbaycanın böyük oğlu Heydər Əliyevin böyük xidmətləri yaddaşımızı təzələyir.
“Çox gözəl, zəngin, ləzzətli bir dilimiz var...”
“Azərbaycan mənim ürəyimdir”, deyən Ulu Öndərimiz dilimizlə bağlı danışarkən bildirmişdi ki, biz öz dilimizlə fəxr etməliyik. Dilimiz zəngindi, dünyada tanınmışdı. Adımız da tanınır, dilimiz də. Özümüzün adımız var - Azərbaycan, özümüzün dilimiz var - Azərbaycan dili. Çox da gözəl dilimiz var, zəngin, ləzzətli bir dilimiz var. Mənim üçün Azərbaycan dili çox əzizdi, millətin milliliyini saxlayan onun dilidi. Biz öz dilimizi nə bir dillə qarışdırmalıyıq, nə də ona yapışdırmalıyıq.
Xatırladaq ki, bu əlamətdar gün Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib. Ulu Öndər həmin Fərmanı latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq imzalayıb.
Azərbaycan dilinin qorunmasında Ulu Öndər Heydər Əliyevin böyük xidmətləri olub. Hələ 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası təsdiq edilən zaman oraya dövlət dili haqqında maddənin salınmaması ilə heç cür barışmayan Ümummilli Lider bu məsələdə sonadək öz prinsipial mövqeyini göstərib. 1978-ci il aprelin 2-də doqquzuncu çağırış Ali Sovetin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş yeddinci sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təkidi ilə 73-cü maddəni yeni dəyişikliklə vermək qərara alınır. Bu dəyişiklik Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dilinin Azərbaycan dili olduğunu əks etdirir. Bütün çətinliklərə baxmayaraq, Ümummilli Liderin bu cür tarixi qərara nail olması mənəvi varlığımızın əsası sayılan dilimizin inkişafında böyük addım oldu.
Ana dilimizi qorumaq üçün bu gün də mühüm addımlar atılır
Ana dilimizi qorumaq üçün mühüm addımlar atan Ümummilli Liderin siyasi xətti Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir. Dövlətimizin başçısının “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli, “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” 2004-cü il 14 yanvar tarixli, “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” 2007-ci il 30 dekabr tarixli sərəncamları ana dilinin həyatımızın bütün sahələrində müfəssəl tətbiqinə imkan yaradıb.
Azərbaycan Prezidentinin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm əhəmiyyətə malikdir. Dövlət Proqramının məqsədi Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması, dilimizin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi, ölkədə dilçilik araşdırmalarının yaxşılaşdırılmasıdır. Sənəd, eyni zamanda, dilçiliyin aparıcı istiqamətlərində fundamental və tətbiqi tədqiqatların inkişafına yönəldilmiş yaradıcılıq səylərinin birləşdirilməsini və dilçiliyin müasir cəmiyyətin aktual problemləri ilə əlaqələndirilməsini nəzərdə tutur. Prezident İlham Əliyevin “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 17 iyul tarixli Sərəncamı Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Dövlətimizin başçısının 2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq edir. Dil quruculuğu ilə bağlı olan bu sənəd Azərbaycan dilinin milli-mənəvi, siyasi-hüquqi statusunun möhkəmlənməsi istiqamətində atılmış mühüm addımlardan biridir.
Ana dilim bal kimi
Bu əlamətdar gün, bayram münasibətilə ölkəmizdə müxtəlif tədbirlər keçirilir. Dilimizə sayğı və böyük məhəbbətlə keçirilən belə tədbirlərdən birində “Vətən səsi”nin əməkdaşı kimi mən də iştirak elədim. Tədbir “Sübhnur” Tədris və İnkişaf Mərkəzinin Yasamal rayon Heydər Əliyev Mərkəzi ilə birgə təşkil edilmişdi. Əvvəlcə fəxri qonaqlar və iştirakçılar Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edərək, onun əziz xatirəsini ehtiramla yad etdilər. Daha sonra tədbir dövlət himninin səsləndirilməsi və şəhidlərin xatirəsinə bir dəqiqəlik sükutla başlandı.
Yasamal rayon Heydər Əliyev Mərkəzinin direktor əvəzedicisi Nigar Hüseynova tədbir iştirakçılarını salamladı. ARETN Fiziologiya İnstitutunun əməkdaşı, “SübhNur” Tədris və İnkişaf Mərkəzinin təsisçi direktoru Gülnarə Hüseynova çıxış edərək Azərbaycan dilinin milli-mənəvi kimliyimizin əsası, milli varlığımızın və dövlətçiliyimizin möhkəm dayağı olduğunu vurğuladı.
Tədbirdə bir çox tanınmış ictimai-siyasi xadimlər və elm adamları çıxış edərək Azərbaycan dilinin tarixi inkişaf yolu, müasir dövrdə qorunub inkişaf etdirilməsi istiqamətində görülən işlər, eləcə də Ümummilli Lider Heydər Əliyevin bu sahədə əvəzsiz xidmətlərindən bəhs etdilər. Qonaqlar arasında Milli Məclisinin deputatı, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Aydın Mirzəzadə, Azərbaycan Texniki Universitetinin "Humanitar fənlər" kafedrasının müdiri, YAP Yasamal rayon təşkilatı AzTU üzrə ərazi partiya təşkilatının sədri Həbib Mirzəyev, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin məsul əməkdaşı Nərmin Azadova, yazıçı-publisist Gülarə Munis, şairə və publisist Nəcibə İlkin və digər ziyalılar çıxış edərək dilimizin zənginliyi, saflığının qorunması və gələcək nəsillərə ötürülməsi barədə dəyərli fikirlərini bölüşdülər.
Tədbir çərçivəsində həmçinin Azərbaycan dilinin möhtəşəmliyi, onun xalqımızın milli kimliyinin ən böyük göstəricisi olması barədə hazırlanmış videoçarx nümayiş etdirildi.
Tədbirin bədii hissəsi də maraqla qarşlandı. Gənc vokolist Əsrarın ifası, məktəblilərin müxtəlif çıxışları, kompozisiyaları və söylədikləri şeirləri tədbirə ayrıca rəng qatdı. Birinci sinifin Azərbaycan dili dərsliyinə daxil edilmiş “Ana dili” adlı şeirimin balaca Fatimənin ifasında dinləmək mənə də qürur hissi yaşatdı, ondan ki,
Çox sevirəm yurdumun
Bayrağını, himnini.
Mən sevirəm anamı,
Həm də Ana dilimi!