Ağdam - sehirli bir səs,
Ağdam - muğam məktəbi.
Burda doğulanların
Başqa cür olur təbi...
Ağdam muğamın beşiyidir. Buna görə deyirlər, elə bir ağdamlı olmaz ki, onun səsi olmasın. Elə bacım Suqra, ötən il sevinə-sevinə Şuşaya gedib. Suqra Turşsuyun başında elə bir zəngülə vurub ki, daşlar lərzəyə gəlib. Yanında olan qohum-qardaş mat-məəttəl qalıb. Əslində bunda qeyri-adi bir şey yoxdu. Bacım deyir, elə bil, səsim burada daha da açıldı. Suqra arzularının arxasınca getsəydi o məşhur filmimizdə Nərgiz xalanın dediyi kimi, indi Xalq artistiydi. Mən də, bu yazını muğam üstündə yazıram və ürəyimdə elə möhtəşəm ifalar səslənir ki... Bir ağdamlı kimi mənim üçün Muğam deyəndə, yadıma Qiyaslı kəndində qonşumuz olmuş, tanınmış, şəhid xanəndə Şahmalı Kürdoğlu düşür. Yadıma düşür, deyəndə ki, başımıza gələn müsibətləri heç unutmaq da mümkün deyil, çünki xanəndənin öz övladı ilə necə şəhid olmasının gənc yaşlarımda şahidi olmuşam. Amma bu gün Ağdamda muğamın qanadlandığı gündü, inanıram ki, xanəndəmizin də ruhu şad olub və özünün ifasında deyildiyi kimi, onu xatırlayırıq... Şahmalının səsi elə bil bulaq suyu, can dərmanı idi. Şahmalı Ağdamın suyunu içmişdi, havasını udmuşdu, küləklərinə qoşulub aləmi gəzmişdi, günəşində isinmişdi...
Ağdam muğama qucaq açıb...
Bu gün yenə Ağdam muğama qucaq açıb, elə üzü Ağdama gedəndə adam ilhama gəlir, oxumaq istəyir...
Bildiyimiz kimi, mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak etdilər. Onu da xatırladaq ki, Ağdam Muğam Mərkəzinin təməli 2023-cü ilin mayında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulub.
Bu günlərdə isə Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə Ağdam Muğam Mərkəzində muğam müsabiqəsi keçirilib.
Yarışmada 11 iştirakçı öz məharətini göstərib. Yeniyetmə iştirakçılar zərb muğamlar, gənclər isə Qarabağ şairlərinin qəzəllərinə muğam və təsniflər ifa ediblər. Müsabiqənin münsiflər heyətinin üzvləri arasında Mələkxanım Əyyubova, Mənsum İbrahimov, Nəzakət Teymurova, Səkinə İsmayılova, Vamiq Məmmədəliyev, Əməkdar mədəniyyət işçisi İlqar Fəhmi təmsil olunurlar. Münsiflər heyəti hər bir çıxışı diqqətlə təhlil etdikdən sonra onları 10 ballıq sistem üzrə qiymətləndiriblər.
Xatırladaq ki, "Muğam" Televiziya Müsabiqəsində iki yaş aralığında: 8-16 yaşında yeniyetmələr və 16-30 yaşında gənclər yarışırlar. Müsabiqədə təxminən 3 ay ərzində Bakıda və bölgələrdə keçirilən dinləmələr əsasında seçilmiş 30 ifaçı iştirak edir.
Müsabiqə iştirakçıları klassik və müasir Azərbaycan şairlərinin qəzəllərini muğam şöbələri üzrə səsləndirir, həmçinin xalq mahnıları, təsniflər və zərb-muğamları ifa edirlər.
Avqust ayının sonunda IX “Muğam” Televiziya Müsabiqəsinin final konsertinin keçirilməsi və qaliblərin mükafatlandırılması nəzərdə tutulub.
Qeyd edək ki, “Muğam” Televiziya Müsabiqəsi Heydər Əliyev Fondunun dəstəyi ilə 2005-ci ildən keçirilir. Bu il müsabiqənin 20-ci ildönümüdür.
Azərbaycan xalqı bu Zəfərə layiq idi...
Mənsum İbrahimov çıxışında bildirdi ki, biz hər il müsabiqələrdə söyləyirdik ki, gün o gün olsun, bu müsabiqəni Ağdamda, Qarabağda keçirək. Bax, o gün bu gündür... Artıq Ağdamdan güllə səsi gəlmir, Murad kimi balalarımıızın səsi gəlir. Şükürlər olsun bu günə. Bizə bu böyük Zəfəri yaşadan şəhidlərimizin ruhu qarşısında baş əyirik, qazilərimizə cansağlığı arzulayırıq, yaşasın Ordumuz və Müzəffər Ali Baş Komandanımız...
Nəzakət Teymurova da bir münsif, həm də ağdamlı olaraq bu gün sevincinin hüdudu olmadığını söylədi. Dedi ki, bir vaxt biz bura “Şur” ansamblına və başqa tədbirlərə gələrdik. İllərdi doğma torpağımızın həsrətindəyik, şükür bizi bu günlərə qovuşdurana.
Münsiflər arasında yer alan İlqar Fəhmi isə ötənləri, hələ torpaqlarımız işğal altında olan illəri xatırladı. Dedi ki, illərlə biz bax, bu yerlərə həsrət qalmşıq. Dəfələrlə Ağdama, Quzanlı kəndinə tədbirlərə gələndə təmas xəttindən indi dayandığımız yurd yerlərimizə boylanmışıq. Adama nağıl kimi gəlir. Azərbaycan xalqı bu Zəfərə layiq idi, sıravi əsgərindən tutmuş, Ali Baş Komandanına qədər. Artıq Ağdamda ölü sükut hökm sürmür, buradan muğam sədaları gəlir. Balaca Muradın ifasını dinləyərkən düşünürsən ki, Azərbaycan mədəniyyətinin gələcəyi etibarlı əllərdədir.
Bir vaxt uşaqlı-böyüklü həsrətindən qovrulduğumuz doğma torpaqlarımızda, Ağdamda indi bayram bayrama qarışıb. Ağdamda Muğam müsabiqəsinin keçirilməsi isə bizim üçün başqa bir bayramdır.