17.06.2025, 07:43
AZ EN
17.04.2025, 16:00

Xeyirin şər üzərində qələbəsi…

Mina RƏŞİD

  • Hər bir xalqın öz tarixi, milli yaddaşı var. Təsadüfi deyil ki, bir ölkənin adını çəkəndə onun yadda qalan hər hansı tarixi abidəsi göz önündə canlanır. Sən öz tarixinlə, maddi-mənəvi dəyərlərinlə qürur duyursan. Çünki bu sənsən, sənin kimliyindir. Yadımdadır, Mədəniyyət Nazirliyinin “Yaddaş” qəzetində çalışarkən bir dəfə İçərişəhərdə Təmir-bərpa mərkəzindən geri dönərkən o dolanbac yollarda azmışdım...

Baxın, Qız qalasının

Başı göylərə dəyir.

Xəzərimin tayı yox-

Şən ləpələr söyləyir.

 

Nə doğmadır qucağın,

Əzizlər qonağını.

Həzin küləklərinlə

Oxşadın yanağımı.

 

Ay İçərişəhərim,

İç-içə evlərin var.

İçindən çıxmaq olmur,

Qərib küçələrin var.

 

Şirvanşahlar sarayı

Min illərin yaddaşı.

Hərəsi bir tarixdi

Babaların başdaşı...

Bax, elə bu misraları da ondan sonra yazmışdım. Doğru deyirlər ki, qədim Odlar yurdu olan doğma diyarımızda hər daş, hər qaya parçası bir abidə, bir xəzinədir... Azərbaycanın bəşərin qədim svilizasiyasının bir parçası olduğu bütün dünyaya bəllidir.

Düz 30 ilə yaxın düşmən əsarətində qalan Azərbaycanın qədim diyarı olan Qarabağ və Şərqi Zəngəzur torpaqları Ermənistan tərəfindən dəhşətli dərəcədə yağmalandı. Bu gözəl, abad yurdumuzun daşı daş üzərində qalmadı. Nəhayət, 2020-ci ildə hər birimizin könül yarasına məlhəm olan torpaqlarımız güclü ordumuz tərəfindən işğaldan azad edildi. Güclü iradəsi ilə ədalətsiz dünyanın önündə dimdik duran Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin dediyi kimi, bu qələbə təkcə torpaqlarımızın azadlığı deyil, həm də dünyada xeyirlə şərin mübarizəsi və Xeyirin şər üzərində qələbə çalmasıdı. Torpaqlarımız qarış-qarış, kənd-kənd, şəhər-şəhər azad edildikcə şəhidlərimizin qanı hopmuş üçrəngli müqəddəs bayrağımız həmin ərazilərdə dalğalanmağa başladı. Bəzən az qala torpağını da daşıyıb aparmağa cəhd edən zalım düşmənin əlindən igid əsgərlərimiz bayrağımızı asmağa yer tapmayanda az qala onu ulduzlardan, günəşdən, aydan asdı...      

Nəinki torpağımızda, mili-mədəniyyət abidələrimizdə, adət-ənənələrimizdə, musiqimizdə, ədəbiyyatımızda həmişə gözü olan düşmən əlinə keçən fürsətdə - bu 30 ildə bizdən qisas almağa çalışdı. Amma düşünmədi ki, bu nəyin qisasıdır... Tez abidələrimizi mənimsəməyə, özəlləşdirməyə çalışdı, bunun üçün hətta şirnikləndirib xarici alimləri də özünə alət elədi. Dini abidələrimizi isə mənimsəmək elə də asan olmadı. Bunu anlayan düşmən onları yer üzündən silmək qərarına gəldi. Beləcə, onlarla məscid, türbə, qəbirüstü məzar daşları yerlə-yeksan edildi...

Bütün bunlara baxmayaraq Azərbaycan artıq doğma torpaqlarına qovuşmuşdu və gecə-gündüz demədən Qarabağı gülüstana çevirmək əzmi ilə çarpışmağa başladı. Nəticə göz önündədi; Laçında Qarabağın ən böyük məscidlərindən biri inşa edildi. Ağdamda başına min bir müsibət açılmış “Cümə məscidi” bərpa edilərək sakinlərin ixtiyarına verildi. Şuşada məscidlərimizdə Azan səsi göyə yüksəldi, Üzeyirin, Bülbülün, Natəvanın ruhu gülümsədi. Prezident İlham Əliyevin göstərişi ilə “Vaqif Poeziya Günləri” bərpa edildi, “Xarıbülbül” musiqi festivalı dünyaya səs saldı. 

Bu gün müharibə olmasa da, mübarizəmiz hələ də davam edir və edəcəkdir. Çünki, məğlubiyyəti özünə sığışdra bilməyən düşmən yazıları, kitabları, müxtəlif təbliğat vasitələri ilə yenə öz mövqeyində dayanır. Tarixçilərimizin dediyi kimi, ermənilər dayanmadan Azərbaycan torpaqlarını, tarixi abidələri, mədəniyyət nümunələrimizi öz adlarına çıxırlar. Biz də öz işimizdə həmişə ayıq-sayıq olmalıyıq.

18 aprel dünyada “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü”dür. Bayramınız mübarək olsun!  

SON XƏBƏRLƏR