17.06.2025, 07:57
AZ EN
17.04.2025, 10:00

Dağların qarı gözəl

Şərif AĞAYAR

  • Bakının və ətraf rayonların selə-suya qərq olduğu bir vaxtda dağlara qar düşdü...

İnternet resurslarında və sosial şəbəkələrdə paylaşılan videolar göz oxşadı.

Aprel ayında belə yağıntılar olmazdı: nə yağış, nə qar. Xüsusən qlobal istiləşmə dövründə. Son illər yazın tez gəldiyinə mən də şahidlik edirəm. Məsələn, yaxşı xatirimdədir, Qarabağın və Zəngəzurun subalp meşələrində alça mayın əvvəllərində çiçəkləyirdi. İndi aprelin ortalarından alçalar orda-burda ağarmağa başlayıb, nisbətən aşağılarda isə əməlli-başlı yaz hiss olunur. Ətraf yamyaşıldır, otlar və çiçəklər çıxıb, ağaclar tumurcuqlayıb.

Laçın şəhərindən bir foto paylaşmışdılar, sapsarı nərgizlərin dibində və yarpağında qar vardı. O nərgizləri də çox yaxşı xatırlayıram. Hər yaz evimizin qarşısında bitirdilər. Qoxusu adamı bihuş edirdi.

Yəqin çoxları bilmir, çiçəklər və otlar qardan qorxmurlar. Qar onlara heç nə etmir. Əksinə, ruh və həyat verir. Çox zaman isə şaxtadan və küləkdən qoruyur. Bəli. Qar həm də qoruyur. Yəqin böyük Azərbaycan şairi Əli Kərimin aşağıdakı misralarını eşitmisiniz:

Sevgisi də soyuq idi, təzə əkini,

Hər bəladan hifz eləyən qalın qar kimi...

Şair nəinki qarın əkini zavaldan qoruduğunu bilir, onu hım də şərqli atanın saf və soyuq sevgisinə bənzədirdi.

Qar nəinki bitkiləri qoruyur, həm də onları qidalandırır. Elə sosial platformalarda daha bir video gördüm, Şərqi Zəngəzur dağlarına yaylağa hazırlaşan çoban qarın yağmasına uşaq kimi sevinirdi. Deyirdi, bar-bəhərli il olacaq.

Uzaqgörən adamlar belədir. Cari çətinlikdən çox, perspektiv uğurlara fokuslanarlar. Yadımdadır, həmişə əlçim-əlçim qar yağanda yaşlı adamlar şükranlıqla göylərə baxar, astadan “Nur yağır deyə” pıçıldayardılar. İndidən hamımız bilək, qışda nə qədər çox qar yağırsa, həmin il o qədər ruzi-bərəkətli olur. Şəhərdə də, kənddə də, bağda da, əkində də, yaylaq da. Qar həm də ekologiyanın təmizliyi, xəstəliklərin, mikrobların və infeksiyaların az olması deməkdir.

Söz sənətimizdə də qarın yağmasında estetika, mistika və pozitiv əhval görənlər, problem görənlərdən daha güclüdür. Təbiətə etiraz bir az da qeyri-etikdir. Daşqınları, tufanları, uçqunları, zəlzələləri demirəm, sakit baş verən hadisələrdən danışıram.

Yaponlar 80-ci illərdə Kann mükafatına layiq görülən məşhur “Narayama əfsanəsi” filmində yaşlanmış insanları aparıb uca bir dağın başında qoyurlar. Necə deyərlər, onları diri-diri təbiətə tapşırırlar. Həmin vaxt qar yağanda qocalar da sevinir, onları aparıb ora qoyan doğmaları da. Demək təbiət öz övladını qəbul edir və razılığını qarın yağması ilə bildirir.

Nobelli yazıçı Orxan Pamukun mışhur “Qar” romanında refren kimi keçən bir cümlə var: “Qarın səssizliyi mənə Tanrını xatırladır”. Dərin hisslər aşılayan cümlədir. Doğrudan şırıltıyla yağan yağışdan və gurultu salan doludan fərqli olaraq qar çox səssiz yağır. Pəncərədən baxmasan çöldə qar yağdığının fərqinə varmazsan.

Mərhum Xalq artisti Hacıbaba Hüseynovun oxuduğu misralar necə idi:

Gördüm yarın əllərini,

Gecə yağmış qar kimi...

Burada da qarın səssizliyinə, qəfilliyinə və onun ilahi gözəlliyinə bir işarə var. Müsəlman qadın həmişə qara çadrada gəzir və bu qara fonda əllərin ağlığı daha çox nəzərə çarpır. Eyni zamanda, insanda qəfil, gözlənilməz duyğular yaradır. Qara fonda daha da cazibədar görünən bu gözəlliyi, bu intimliyi və bu gözlənilməzliyi nəyə bənzətmək olar? Əlbəttə, gecə yağmış qara...

Qar obraz kimi klassik divan ədəbiyyatında yox dərəcəsindədir. Halbuki həddindən artıq çox işlənən və irfani mənalar daşıyan “yar” kəlməsi ilə tam qafiyədir və istər-istəməz bir-birini səsləyir. Səbəb coğrafiyadır. Ərəb və fars coğrafiyasında qar yoxdur. Bizim klassik şeirimiz isə təkcə forma deyil, həm də məzmun baxımından fars-ərəb şeirindən təsirlənirdi. Bunun əvəzində folklorumuzda və aşıq şeirimizdə qar obrazı yetərincədir. Çünki bu mədəniyyət bizim coğrafiyaya xasdır və aşıq həmişə öz elində-obasında dolaşıb.

Bu mənada Aşıq Ələsgərin yaradıcılığı xüsusilə seçilir. Onun qara baxışı həm dərin mənalara baş vurur, həm də dünyəvi kontekstdə işlədilir. 

Üstünə nur yağsın ay dəli Qoşqar,

Yayın ortasında yağdırırsan qar...

Guya qarğayır dağa. Əslində isə alqış edir. Qoşqarı Tur dağı kimi görmək istəyir. Axı ora tanrının işığı düşmüş və bu işıq Musa peyğəmbərə görünmüşdü. Deyir, qoy Qoşqara da Tanrının işığı düşsün. Eyni zamanda, qarın özü də ağlığı və təmizliyi ilə Allahın nurudur.

Yağış, duman, çiskin kimi qarın da öz sevdalıları var. İstər həyatda, istər sənətdə. Qar lövhələri ilə bağlı ədəbiyyatda, kinoda, rəssamlıqda, musiqidə onlarla lövhə yada salmaq olar. Hətta ayrıca mövzu kimi də çox işlənib. 

Qış vaxtı Qarı görmək üçün Şuşaya, Laçına, Kəlbəcərə qaçan onlarla adam tanıyıram. Bəziləri yaz-payız vaxtı yağanda da tələsik qarın görüşünə gedirlər. Çünki söhbəti bilirlər. Qışda o cənnət torpaqları gəzməyin bir ayrı ləzzəti var. Qəribədir, temperatur nə qədər aşağı olur-olsun, adam üşümür. Eləcə gəzmək, dərindən nəfəs almaq, ətrafı seyr eləmək istəyir.

Ənənəvi fizikaya görə, ağ bütün rənglərin cəmidir. Bu mənada qarın misilsiz ağlığında, bir neçə ay sonra eyni yerlərdə boy göstərəcək min bir rəngə çalan çiçəkləri asanlıqla xəyal etmək olar. Bəlkə, qarın mahiyyətindəki sevinc də burdan qaynaqlanır. Axı məntiqlə hər tərəfin eyni rəngə düşməsi adamı darıxdırmalıdır. Qar isə harada olur-olsun böyüklərin ovqatına xoş təsir göstərir, uşaqları isə həmişə sevindirir.

Qarabağın, Zəngəzurun qışı yazından və yayından da gözəldir. Dünyada qarın və soyuğun dadını çıxarmaq üçün məzuniyyətini qış aylarına salan çoxsaylı insanlar vardır. Bu mənada yaxın gələcək üçün Zəngəzur dağlarında qış aylarında da çoxlu turist görəcəyik. Buralar da İsveçrənin sehrli dağları kimi elə bil qış turizmi üçün yaranmışdır. Lakin yaydan fərqli olaraq daha çox hazırlıq, daha güclü infrastruktur lazımdır.

Dünyada o cür ağappaq qara, o cür safmısaf havaya həsrət qalan ölkələr vardır. Azərbaycan, o cümlədən Qarabağ və Zəngəzur qarlı qışı ilə zövq oxşayır, könül sevindirir. Qışda qar bəşəriyyətə tanrı hədiyyəsidir. Yazağzı yağan isə ikiqat zəngin bahar müjdəsidir. Təbiət bizi qoynuna almaq üçün çimib-təmizlənir sanki.

 

SON XƏBƏRLƏR