17.06.2025, 07:51
AZ EN
31.10.2024, 14:25

Ana, yeməyə nə var...

Tahirə AĞAMİRZƏ

  • Vətən elə sirli bir qüvvədir ki, maqnit kimi adamı özünə çəkir. Əgər orda doğulmuşuqsa, uşaqlığımız, gəncliyimiz orda keçibsə yüz il ondan uzaqda yaşasaq belə bizi hər an o Vətən çəkir. Orda yaşadığımız günlər ömrümüzün ən mənalı, unudulmaz günləri hesab olunur. O rayonla, o kəndlə bağlı xatirələrimiz əsla saralıb solmur, təptəzə qalır. O ki, qala 28-30 il gedə bilmədiyimiz, işğala məruz qalan, daş üstündə daşı belə qalmayan Vətən ola, Yurd ola...!

Vətən elə bir sirli qüvvədir ki, yandıra, yandıra sevdirər özünü, bəbəyinin içində yuva qurar, qəlbinə odu sönməyən köz salar unuda bilməyəsən deyə...

Şükürlər olsun ki, bu Vətənə əlimiz çatır indi...

Əlimi uzatdım Vətənə,

Həsrət ürəyimdə dindi...

Bu günlərdə feyzbukda dosent Zaur Əliyevin doğma Ağdamı ilə bir paylaşımı, videosu mənə çox təsir etdi...

Bu yazını "Vətən səsi"-nin oxucuları ilə paylaşıram.

"Ağdam. Tofiq İsmayılov küçəsi. Şəhidlər Xiyabanından təzə avtovağzala gedən yol. Sonuncu görünən mənim böyüdüyüm, 17 yaşıma qədər yaşadığım binadır.

Ev 12, mənzil 18. Ev telefonu 6-31-66

Dördüncü mərtəbə, beş otaqlı ev. Yola baxan pəncərə mənim otağım idi. Ordan bax bu küçə görünürdü. Alma bağına baxan pəncərə. 17 illik ömrünün 14 ilini bu pəncərədən alma bağına baxırdım. Onda Atam sağ idi, Nənəm sağ idi. Anam xəstə deyildi, bacılarım və mən xoşbəxt idik. Hər gün məktəbə dərsə getməzdən öncə pəncərədən baxıb evdən çıxırdım....

Qayıdan da kadrda görünən Ulduz formalı tikilinin altında dururdum bir neçə dəqiqə.

Uşaq xəstəxanasının düz yanından mərhələyə girib mərhələdə olan mağarın qarşısında durub Anamı çağırdım..

-Ana, yeməyə nə var....?

Anam cavab verməyənə qədər otururdum mağarın qarşısında.... Sonra həyətdə olan krantdan su içib girirdim ikinci bloka, dördünü mərtəbəyə qaça qaça çıxardım..

İkinci mərtəbənin  qırıq pəncərəsindən həyətə baxıb neçə saniyə evə qaçardım..

Qapıda məni Anam qarşılayırdı ...

Ayaqqıblarımı çıxardırdı...

qaçırdım mətbəxə....

Ordan pəncərədən həyətə baxırdım..

Anam məni əlləri ilə yedirərdi..

Sonra Anam mənə get kitab oxu deyərdi..

Sonra isə zala keçib divar içi kitab şkafında olan kitablardan birini seçirdim və oturub oxuyurdum...

Axşam düşürdü və ailəmiz TV qarşısında oturub "Pole Çudes" verlişini gözləyirdik ..

Sual veriləndə hamı mənə baxardı...

Mən isə özümü savadlı göstərmək üçün cavablar deyərdim.

Çoxu səhv olsa da ailəm mənə bir söz də deməzdi...

Bilirdilər...Oxuyuram. Yenə də oxuyacam..

Gedib yatardım..Nənəm işığı keçirərdi.

Pəncərəyə  düşən işıq gözümün önündədir indi də...

Yenə səhər açılardı...Xöşbəxt günlərin səhəri

1993-2024..

Düz 31 il keçib.....

Nə bina var nə uşaqlıq nə də xöşbəxt günlər...

Sadəcə qalan Xatirələrdir və sən Ramiz Rövşənin şeirini pıçıldayırsan:

Bir səhər yuxudan durub

Özünü uşaq görəsən.

Görəsən hamı evdədi,

Ölənləri sağ görəsən.

Qorxasan qaçıb gedələr,

Tez qapını bağlayasan..."

SON XƏBƏRLƏR