17.06.2025, 08:03
AZ EN
17.03.2024, 07:50

Yüksək təltifə layiq - TƏBRİK SÖZÜ

Sabit ƏZİMOV

  • Nə qədər zaman ötsə də, ədalətin qələbə çalacağı günü hər birimiz arzulayırıq, buna olan ümid və istəklərimiz heç vaxt sönmür, azalmır. XX yüzilliyin əvvəllərindən başlayaraq xalqımıza qarşı məqsədli şəkildə həyata keçirilən deportasiya, soyqırım və ərazi bütövlüyünə qarşı təcavüz siyasəti kəskin və ardıcıl xarakter daşısa da, xalqımızın milli ruhu ən çətin məqamlarda sınmadı, əksinə milli-mənəvi dəyərlərə, dövlətçiliyə sadiqlik antiAzərbaycan mövqeyindən çıxış edən xarici düşmənlərlə mübarizədə daha da möhkəmləndi.

Yaxın bir tarixə nəzər saldıqda görürük ki, dövlətimizin ərazi bütövlüyünü işğal ərazisinə çevirən, ərazilərimizdə "təmas xətti "adlanan sərhədlər müəyyənləşdirən Ermənistanın, onun havadarlarının işğalçılıq siyasəti nəticəsində Qarabağımız, onunla qonşu olan rayonlarımız da uzun müddət işğala məruz qaldı. 1988-93-cü illərdə keçmiş SSRİ və Azərbaycana rəhbərlik etmiş şəxslərin qətiyyətsiz hərəkətləri, idarəetmədə siyasi korluq və naşılıqları uzun bir dövr üçün dövlətimizə-xalqımıza böyük çətinliklər yaratdı, dövlət müstəqilliyimizə qarşı yönəlmiş təcavüz süni yaradılmış əngəllərə səbəb oldu. Milyona yaxın soydaşımızın Qərbi Azərbaycan və Qarabağdan köçkün və qaçqına çevrilməsi siyasi-iqtisadi və sosial həyatımıza olduqca mənfi təsir etdi, insanlarımız və dövlətimizə böyük ölçüdə ziyan dəydi, ağır itkilərə səbəb oldu.

Xalqın taleyüklü məsələlərinin həllində Ulu Öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıdışı ilə sönmüş qəlblərə parlaq işıq gətirdi, xalqın təkidli tələbi ilə hakimiyyətin ağırlığını öz üzərinə götürüb sinəsini qabağa verməyi bacardı və şərəfli vəzifəsini layiqincə yerinə yetirməklə Azərbaycan tarixində ölməzlik qazandı. Bir faktı qeyd etməliyəm ki, ötən əsrin 70-80 illərində də Azərbaycana rəhbərlik etmiş Heydər Əliyev hələ o dövrlərdə müstəqilliyini bərpa edəcək Azərbaycan üçün çox işlər görmüş, dövlət müstəqilliyi üçün lazım olan siyasi-iqtisadi, elmi-texniki, müdafiə xarakterli bütün işlərin əsasını qoymuş, Azərbaycanı idarə edəcək kadr potensialının da yetişməsinə nail olmuşdur.

Mənsub olduğu xalqın varlığını zənginləşdirən, dünya dövlətləri içərisində Azərbaycanı tanıtmağa nail olan Heydər Əliyevin ən böyük nailiyyəti qurucusu və memarı olduğu Müstəqil Azərbaycanın dövlət müstəqilliyinin əbədi və dönməzliyini təmin etməsidir. O, təkcə Azərbaycan xalqının deyil, bütün dünya azərbaycanlılarının liderliyinə yüksəldi, ölməz ideyaları ilə xalqın qəlbində əbədiyaşar tarixi şəxsiyyətə çevrildi. Xalqımızın tarixində əsrlər boyu tanınmış şəxsiyyətlər, siyasi xadimlər olmuşdur, bu danılmazdır. Lakin Ulu Öndər XX əsrdə yaşayaraq milli inkişafın sürətlənməsində müstəsna xidməti olan türk dünyasının böyük oğludur!

Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə dövlətçiliyin inkişaf istiqamətlərini müəyyənləşdirərkən milli kadr potensialının yaradılmasına xüsusi fikir vermiş, bu gün Azərbaycanı idarə edən elmli, idarəetmə qabiliyyətli, dərin zəkalı, uzaqgörən siyasəti həyata keçirə biləcək nəslin yetişməsinə şərait yaratmış və buna nail olmuşdur. Ən çətin məqamlarda necə və nə vaxt qərar qəbul etmək sahəsində olan fenomenal düşüncəsini, təcrübəsini bir məktəb olaraq bugünkü nəslə varislik müstəvisində ötürməsi xalqımızın xoşbəxt günlər yaşamasına səbəb oldu.

Ulu Öndər tarix yaradan şəxsiyyət idi, o, bəşəriyyətin mövcud olan və gözlənilən problemlərini görür, bunu beynəlxalq müstəvidə cəsarətlə qabardır, diplomatik təcrübə və metodların dünyanı xilas edəcəyini bildirirdi. Demokratik ənənələrə sadiqlik, hüquqi dövlət quruculuğu, dünya dövlətləri arasında iqtisadi əməkdaşlıq birliyinin yaradılması üçün öz bilik və təcrübəsini əsirgəməyən Heydər Əliyev müdrik siyasi lider olaraq dünyanın hər yerində qəbul edilir, ona hörmətlə yanaşılırdı.

Qədirbilən xalqımız 2023-cü ildə Ulu Öndərin 100 illik yubileyini çox böyük ehtiram və hörmətlə qeyd etdi, respublikamız və onun hüdudlarından çox kənarda da Heydər Əliyevin keçdiyi şanlı həyat yoluna bir daha nəzər salındı, sübut olundu ki, o, Azərbaycanın müstəqilliyi uğrunda hər an şəhid olmağa hazır olan siyasi lider olmuşdur!

Ulu Öndərin siyasi varisi, Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevin ata vəsiyyətini sədaqətlə həyata keçirməsi nəticəsində işğala məruz qalmış ərazilərimiz azad olunmuş, yeni həyat - tarixi bir dövr başlanmışdır. 2020-ci ildə qazanılmış Zəfərin ab-havası, 2023-cü ildə antiterror əməliyyatı zamanı erməni tabutuna vurulmuş son mismar Azərbaycan Respublikası ərazisində erməni separatizminə son qoydu, Ali Baş Komandan İlham Əliyevin başçılığı altında Müzəffər Ordusunun qazandığı rəşadətli qələbə nəticəsində torpaqlarımızda bərpa-quruculuq işləri sürətlə davam etdirilir, keçmiş məcburi köçkünlərin doğma ocaqlarına ləyaqətli qayıdışının hər gün şahidi oluruq. Ulu Öndərin arzularının həyata keçirilməsinin təmin edilməsi üçün xalq-ordu-dövlət birliyi yüksələn müstəvidə dövrümüzün ən parlaq reallıqlarına imza atır.

Qarabağımızın hər bir yerində, o cümlədən doğulduğum Ağdam rayonunda da quruculuq işləri geniş vüsət almışdır. 2021-ci ildə Prezident İlham Əliyev Ağdamda təməl qoymada iştirak etmiş, ardıcıl səfərləri zamanı yeniliklərə imza atmışdır. Əlbəttə ki, hələ işğal dövrünə qədər Ağdam rayonu respublikanın ən böyük kənd təsərrüfatı rayonu kimi bir çox sahələrdə ən üstün inkişaf göstəricilərinə malik olmuşdur. Ulu Öndərimiz Ağdam rayonunun inkişafına hər zaman xüsusi diqqət yetirmiş, 1970-80-ci illərdə dörd dəfə Ağdamda olmuş, rəhbərlik, əmək-zəhmət adamları, elm, mədəniyyət, dövlət xadimləri, vətənpərvər, zəngin insanlarımız, bərəkətli torpaqlarımız, füsünkar təbiət mənzərəmiz haqqında yüksək fikirlər bildirmişdir.

Bu gün üçrəngli bayrağımız Azərbaycanın bütün ərazisində məğrurluqla dalğalanır, xalqın şərəf və ləyaqətinin təmin edilməsində qəhrəmanlıq səhifəsini canları, qanları ilə yazaraq şəhid, qazi olan vətən övladları şanlı tariximizə çevrilmişlər. 2024-cü ildə azad olunmuş bütün torpaqlarımızda da Azərbaycan Respublikası Prezidentinin seçkisi keçirilərək qalib xalq ləyaqətli, uzaqgörən siyasəti dəstəklədi, öz qələbəsini parlaq ifadələrlə əks etdirmiş İlham Heydər oğlu Əliyev böyük səs çoxluğu ilə prezident seçilmiş, bir daha təsdiq olunmuşdur ki, Ulu Öndərin bizlərə əmanət etdiyi müstəqil Azərbaycan dövlətinin sükanı ümidli, etibarlı əldədir!

Təcrübəyə əsasən sınaqlardan çıxmış reallıq bundan ibarətdir ki, uğurlu nəticənin əldə edilməsi baxımından vahid komanda şəklində birləşmiş idarəetmə kadrları, güc birlikləri, sosial həyatımıza təsir edəcək xidmət orqanlarının rəhbərləri qarşıya qoyulmuş vəzifələri məsuliyyətlə yerinə yetirməklə dövlətin yükünü asanlaşdırır, eyni zamanda cəmiyyətin firavanlıq şəraitində yaşamaq ümidlərini təmin edir, özlərini doğrultmuş olurlar.

Dövlətinə sədaqətlə xidmət etmək, azad olunmuş torpaqlarda bərpa-quruculuq işlərində yaxından iştirak etmək, Ulu Öndərin müəyyənləşdirdiyi strateji xəttə sadiqlik hər birimizin borcudur.

Uzun illər Ağdam rayonunda işğalçı düşmənin möhkəmləndiyi cəbhə bölgələrində peşə fəaliyyətini layiqincə yerinə yetirən, azad olunmuş torpaqlarımızda bərpa-quruculuq işlərində vəzifəsini icra edərkən mina təhlükəsinin qurbanına çevrilmiş Hafiz Əzimzadənin bu günlərdə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalı ilə təltif edilməsi məni çox sevindirdi, bu, ağdamlıların Ulu Öndərin siyasi xəttinə sədaqətli olmasının bir daha sübutudur.

Əziz Hafiz müəllim, Sizin yüksək təltifə layiq bilinməyiniz bütövlükdə Ağdam rayonunun əmək-zəhmət adamlarına, idarəetmə sahəsində çalışan rəhbər kadrlarına, yeni üslubda qurulan müasir Ağdama, dövlətçiliyin qorunması, möhkəmləndirilməsinə xidmət edən həmvətənlərimizə verilən yüksək qiymətdir!

Fəxr edir və qürur duyuruq ki, Siz ləyaqətli fəaliyyətinizlə hər zaman başımızı uca edirsiniz!

TƏBRİKLƏR!

SON XƏBƏRLƏR