17.06.2025, 07:35
AZ EN
07.03.2024, 15:00

Zəngəzur qadınları

Şərif AĞAYAR

  • Zəngəzur qadınları adətən Həcərlə assosiasiya olunur. At minən, silah oynadan, ərinin arxasında duran. Məşhur xalq mahnısında “Həcəri özündən ay qoçaq Nəbi” misrası təsadüfi işlənməyib. Əslində, hər uğurlu kişinin arxasında mütləq bir qadın dayanır fikri ilk dəfə elə bu şeirdə deyilib. Qadını güclü olmayan kişi güclü ola bilməz.

Yeri gəlmişkən, biz Nəbi ilə Həcərə həsr olunmuş məşhur xalq mahnısını daha çox “Boz at” kimi tanıyırıq. Çünki mahnını böyük ifaçı Xan Şuşinski “Boz at səni sər tövlədə bağlaram” misrası ilə oxumağa başlayır. Görünür ad da buradan götürülüb. Halbuki başqa bir xanəndə – Ağabala Abdullayevin ifasında Xan əminin birinci oxuduğu bənd mahnının sonuncu bəndidir. İlkin bəndlər Həcərin dilindən oxunur və o dastandakı məşhur misralarla Nəbidən kömək istəyir...

Mənim bu günümdə gələsən, Nəbi,
Düşmənin əlindən alasan Nəbi...  

 Əslində, Xan əmi modernist ifaçıdır. O, bütün klassik dəyərlərə sədaqəti ilə yanaşı həm də xeyli yeniliklərə imza atıb. Yəqin çoxu bilmir ki, böyük Əliağa Vahidin qəzəllərinin xalq arasında yayılmasında və sevilməsində Xan əminin əvəzsiz rolu olub. Qoşmanı, gəraylını, təcnisi saz vasitəsi ilə yayırdılar. Qəzəli sazda oxumaq olmurdu. Qəzəl yalnız muğam vasitəsi ilə yayıla bilərdi. Xan əmidən əvvəlki böyük ifaçılar isə adətən Füzulidən, Nəbatidən, Seyiddən oxuyurdular. Xan əmi bir məsələdə xüsusi masterlik göstərdi.

Əvvəla, fars və ərəb izafətlərini bilməyən geniş kütlə Vahidi daha rahat anlayırdı.

İkincisi, məlum melodiyalarda yeni sözlər muğama ayrı bir təravət gətirirdi.

Və alındı.

Xan əmi “Qaçaq Nəbi” mahnısını da yeniləşdirdi. Onun tempini sənaye və quruculuq dövrünə uyğun olaraq bir az sürətləndirdi və əhvalatın fərqli bəndlərini oxudu. Xalq da mahnını Xan oxuyan kimi qəbul edib elə o cür də yadda saxladı.

Ağabala Abdullayevin ifasında Həcər daha çoxdur. Qeyd etdiyim kimi, ilk iki bənd onun dilindən oxunur. Və bu bəndlərdə biz Həcərin igidliyi ilə yanaşı onun qadın zərifliyini görürük.

Mən həm bu zərafəti saxlayan, həm də at belində silahla gəzən dağ qadınlarını uşaqlığımda çox görmüşəm. Bunların əksəriyyəti tərəkəmə qadınları idi.

Zəngəzur dağlarında sovet hökuməti axıracan qurulmadı. Doğrudur, kəndlərdə kolxoz, sovxoz və sovetliklər vardı, lakin ümumilikdə insanlar milli mentalitet və adət-ənənələrlə idarə olunurdu. Adam ölümü istisna olunmaqla baş verən qanun pozuntularının hamısını ağsaqqallar həll edirdi.

Dadaloğlu demiş, fərman padşahın idi, dağlar bizim.

Belə bir mühitdə qadın hüquqları anlayışı ola bilməzdi. Hansısa yazımda vardı: at belində bir kişi qabaqca gedir, dalınca belində uşaq bir qadın piyada gedir – bu, ucqar dağ kəndlərinin adi bir mənzərəsi idi. Lakin bu mənzərə qadına hörmətsizlik də deyildi. İyirmi birinci əsrin iyirmi üçüncü ilində şəhərdə yaşayan gənclərə bu vəziyyəti izah eləmək asan deyil. Kişi evdə qeyd-şərtsiz hakim idi. Qadının fikri ilə hesablaşan kişiləri lağa qoyur, onu “arvaddan qorxmaqda” günahlandırırdılar.

Bununla belə, böyük bir nəslin, tayfanın taleyini həll etmək iqtidarında olan ağbirçək qadınlar vardı. Kəndin ən igid gəncləri onların bir sözünü iki eləməzdilər. Qadın yaylığını sərdisə, heç kim onu tapdalayıb keçməzdi. Namus və ləyaqət qadının baş tacı hesab olunurdu.

Orta əsrlərdən qalan bu ənənələr qadın hüquqları anlayışı ilə uyğun gəlməsə də, tam onun inkarı da deyildi. Həm də Zəngəzur dağlarında yaşayan qadınlar dinin gətirdiyi məhdudiyyətlərdən azad olmuşdular. Doğrudur, başlarını örtürdülər, lakin bu bürünüb gizlənmək anlamına gəlmirdi. Evin qonağını qarşılayanlar arasında evin xanımları da olurdu. Hətta təzə gəlinlər belə kişi qonaqların qarşısına çay qoyurdular.

Sonralar Bakıda, Şirvanın, hətta Qarabağın bəzi bölgələrində qadınların evə gələn qonaqların gözünə görünməməsi adətinin şahidi olanda qəribə hisslər keçirdim. Axı bu bölgələrdə oxuyan qadınlar daha çox idi və məntiqlə daha azad olmalı idilər.

Məncə, onların çox olmalı azadlığını din məhdudlaşdırırdı. 

Tərəkəmə mühitində qadın daha azad idi. Bunu çəkinmədən deyirəm. Tərəkəmə qadınlarının azadlığından böyük Nizami “İsgəndərnamə” poemasında söz açır. Makedoniyalı İsgəndər qıpçaq yaylaqlarına gəlir, qadınları-qızları çox da örtünmədən at belində görəndə ağsaqqallara deyir:

“Qadınlarınıza deyin, başlarını bağlasınlar, qoşunum hamısı kişilərdən ibarətdir və illərdir ailələrindən ayrıdırlar, xoşagəlməz bir hadisə baş verməsini istəmirəm”.

Qıpçaq ağsaqqallar cavab verirlər:

“Biz qadınlarımızı yox, nəfsizimizi bağlamağa öyrəşmişik”.

Buyurun, bir azərbaycanlı mütəfəkkir səkkiz yüz il əvvəl qadının başından çadranı açır.

Həm də bir türk tayfasının ağsaqqallarının əli ilə...

Nizamidə yüksək mənəvi kateqoriyalarla şərtlənən bu azadlıq sovetlər dönəmində siyasiləşdi. Başı açmağı azadlıqdan çox, dindən və milli mentalitetdən aralanmaq trendi kimi aşılamağa başladılar. Lakin Azərbaycanın əksər bölgələrində olduğu kimi Zəngəzurda qadınlar – əsasən yaşlı qadınlar başlarını heç vaxt açmadılar. Modernləşmə prosesi bu mənada çox da sürətli getmədi.                          

Zəngəzurun dağ kəndlərində qızı oxutmaq ənənəsi yox idi. Nadir hallarda tibb bacısı və müəlliməliyi oxuyanlara rast gəlirdin. Lakin 70-80-lərdən başlayaraq qadınlar arasında oxuyanların sayı xeyli artmağa başladı. 

Zəngəzurda olmadığımız bu otuz il ərzində o yerlərin ruhumuzda dərin kök salmış adət-ənənələrini itirmədik. İstər qərbi, istər şərqi Zəngəzurda doğulub-böyüyən insanların ailə fotolarına baxsanız, dediklərimi görəcəksiniz. Geyimlər amanla dəyişib. Heç kim nənələrimizin güllü şalını bağlamır, yeddi qat tumanını geyinmir, lakin yeni nəsil əxlaqi davranış baxımından onların davamçılarıdır.

Mən təkcə qadın yox, ümumilikdə insan azadlığının tərəfdarıyam. Hər kəs öz taleyinin ağasıdır. Lakin ona da əminəm ki, böyük oğullar və qəhrəmanlar öz kökünə bağlı olan, namusunu, iffətini hər şeydən uca tutan anlardan doğulur.

Bu gün Zəngəzurun dağ kəndlərinə, qəsəbələrinə və şəhərlərinə qadınlar da qayıdır. Çoxunun başında yenə yaylıq var. O ismətli anaların, nənələrin qayıdıb öz doğma yerlərini görməsinə görə tanrıya ayrıca şükür düşür. Onların ilk azadlığı ata-baba yurdlarına qovuşmaq, onların məzarlarını rahatca ziyarət etmək azadlığından başlayır. Azad yurdun azad qadını olmağın bəxş etdiyi səadət bir başqadır.    

SON XƏBƏRLƏR