Azərbaycanda fevralın 7- də növbədənkənar prezident seçkilərinin keçirilməsi haqqında qərarın verilməsi, səmimi deyək ki, hər kəs üçün gözlənilməz oldu. Yəni bu gün Azərbaycan seçicilərinin mütləq əksəriyyəti, ölkəmizin daha da qüdrətli olmasını, regionun lider dövləti imicini qoruyub saxlamasını, dünya birliyindəki ilbəil yüksələn nüfuzunu artırmaqda davam etməsini istəyən hər kəs indiki siyasi kursün davamını və Müzəffə Ali Baş Komandan İlham Əliyevin liderliyini birmənalı dəyişməz hesab edir. Belə olduğu halda, növbədənkənar seçkilərə gedilməsi qərarının hardan qaynaqlandığı, əlbəttə, maraq doğurmaya bilməz. Ancaq son iyirmi ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bütün addımlarını min dəfə düşünüb, hesablamalar apararaq atıldığını hər kəs bilir. Bu addımların Azərbaycanı fenomenal sürətlə inkişafa, qələbədən qələbəyə apardığını da yaxşı bilirik. Həmçinin, Prezidentin bir fikrini də xatırlamalıyıq: “Mən nəyi, nə zaman və necə etməyi daha yaxşı bilirəm!” Deməli, çoxlarının gözləmədiyi halda ölkə başçısının belə qərar qəbul etməsinin də Azərbaycanın yeni, möhtəşəm nailliyyətlərinə vəsilə olacağı birmənalıdır. Bunu qəbul etmək istəməyənlər isə ya dünyada gedən prosesləri doğru-düzgün dərk edə bilmirlər, ya da...
Məsələ ikinci “ya da”dadır. Özünü “ana”, “ata”, “dədə”, “baba” müxalifət adı ilə cəmiyyətə və dünyanın bəzi güclərinə sırımağa çalışan müxalif qrupların bəzilərinin əndişə keçirmələrini anlamaq üçün bu “ya da”nı bir az açmaq istərdim. Birincisi, vaxtilə böyük siyasi xadimlərin dediyi kimi, siyasi hakimiyyətə gəlmək istəyən hər bir siyasi qüvvə sonuncu seçkilər başa çatandan dərhal sonra növbəti seçkilərə hazırlaşmalı, hər bir fövqəladə qərara hazır olmalıdır. Bizim bu ərköyün müxalifətimiz (başda Əli Kərimli, Cəmil Həsənli, Tofiq Yaqublu və digərləri olmaqla) fevralın 7-nə seçkilər təyin edilən kimi çığır-bağıra ona görə başladılar ki, onlar siyasətçilər üçün aydın olan bu həqiqəti unudublar. İkincisi, seçkilərdə qalib gəlmələrinin ölünün yenidən dirilməsi qədər mümkünsüz olduğunu bunlar anlamırlar. Yaxşı bilirlər ki, bu gün Azərbaycanda (həm də təkcə Azərbaycanda deyil, bütün türk dünyasında və bütün əzilən xalqlar arasında) İlham Əliyevə tükənməyən bir sevgi var. Xalq Allahın ona bəxş elədiyi bu qüdrətli liderinə inamı sarsılmazdır. Xaricdəki bütün ağaları birləşib kömək eləsə belə əlilərin, vəlilərin seçkidə səs qazanması mümkünsüzdür və bu mümkünsüzlüyü yaxşı bildiklərindən qabaqdangəlmişlik etmək onların yeganə çıxış yoludur. Üçüncüsü, AXCP neçə ildir ki, 200-300 adamı başına yığıb, vaxtından illər keçmiş qurultayını keçirə bilmir. Həm də qanunla tələb olunan beş min imzanı toplayıb Ədliyyə Nazirliyinə yenidən qeydiyyat üçün təqdim edə bilmir. O zaman Prazidentliyə namizədliyinin qeydə alınması üçün tələb olunan qırx beş min imzanı necə toplayacağını düşünmək və bu biabırçı vəziyyəti ört-basdır eləmək üçün “şaxsey-vaxsey” eləmək zorundadır. Dördüncü, beşinci... Hətta onuncu səbəb də sadalamaq olar. Amma bu üç səbəblə, hələlik kifayətlənmək istəyirəm.
Və Əliyə də, ona züy tutanlara da bir tövsiyəm var: ya bu vay-şivəndənsə yığışıb adamlarınızı, əgər varsa, salın şəhərlərin, kəndlərin məhlələrinə, bəlkə yalvarıb-yaxarıb altı milyon seçici içindən qırx beş min imzanı birtəhər toplaya bildiniz və “namizəd” olub həm xaricdəki dostlarınıza hələ də siyasi qüvvə kimi varlığınızı göstərə bildiniz, həm də xaricdəki ağalarınızdan aldığınız sifarişlər əsasında boğazdan yuxarı qışqır-bağır eliyə bildiniz. Başqa nə edə bilərsiniz ki?!