Bir millətin var olması üçün ilk növbədə onun milli kökü olmalıdır.Tam əminliklə, səmimiyyətlə deyə bilərik ki, Azərbaycan xalqı, Azərbaycan Prezidenti, igid şəhidlərimiz qanları, canları bahasına milli kökə malik olduğunu bir daha sübut etdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlətin və xalqın maraqlarına xidmət edən məqsədyönlü siyasətinin nəticəsində bütün tarixi torpaqlarımıza qovuşduq. Eyni zamanda Azərbaycanda həyatın bütün sahələrində müşahidə olunan dinamik inkişaf ölkəmizin, vətəndaşlarımızın rifah halının yüksəldilməsində, regionların sosial-iqtisadi inkişafında əsas rol oynayır. Bu gün hər bir sahədə yeniləşən, sürətlə inkişaf edən Azərbaycan iqtisadi qüdrətini artırmaqla regionun əsas aparıcı dövlətinə çevrilib. 2020-ci il 44 günlük Vətən müharibəsindəki Qələbəmizdən sonra ötən bu üç il ərzində qazandığımız nailiyyətlər isə ölkəmizin qibtə ediləcəyi bir şəkildə qüdrətlənməsini təmin etdi.
Əlbəttə, uzun illər həsrətində olduğumuz günləri yaşamaq sevinci heç bir sevinclə müqayisə oluna bilməz. Bəli, bu gün biz bütünlüklə bir xalq olaraq sevinc, qürur hissi ilə dolub-daşırıq. Az xalqın qismətinə yazılan tarixin Tarix kimi günlərini yaşayırıq.
Möhtərəm Prezidentimiz İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsinin 20-ci ildönümündə üçrəngli bayrağımız öz qədim torpağımızda göylərə qaldırıldı. Bu nə deməkdir, bilirsinizmi?! Bu, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası deməkdir! Bu, qarda donan, dərisi soyulan uşaqların, şərəf və ləyaqətinə toxunulan qız-gəlinlərimizin qisasının alınması deməkdir! Bu, iki yüz illik məkrli planlara son qoyulması deməkdir! Bəli, Müzəffər Ali Baş Komandanımız 20 il əvvəl ilk dəfə Prezident seçilən zaman müəyyənləşdirdiyi hədəfləri atdığı mətin iradəli addımlarla reallaşdırdı. Özü də mərdi-mərdanə, düşməndən fərqli olaraq, düşmənin bir dənə də olsun dinc əhalisinə bir güllə belə atılmadan... Artıq bütün dünya da şaihidi oldu ki, Azərbaycan öz tarixi ərazilərinin suverenliyini tam bərpa etdi. Onu da vurğulamaq yerinə düşər ki, bu Zəfər həmçinin iqtisadi məna kəsb edir. Azad edilən Qarabağ yenidən bərpa edilir və tez bir zamanda Azərbaycan iqtisadiyyatının əsas inkişaf lokomotivinə çevriləcək. Qarabağda bərpa və yenidən qurma işləri ilə yanaşı islahatların daha da dərinləşəcəyi və dayanıqlı iqtisadi artımın güclənəcəyi gözlənilir. Böyük sənaye, aqrar, xidmət, eyni zamanda turizm potensialı olan Qarabağ ölkəmizin iqtisadiyyatının inkişafına yeni töhfələr verəcək.
Ruhunuz şad olsun, Ulu Öndərim! Ruhunuz şad olsun, Zərifə Ana! Vətən üçün Haqqa, ədalətə söykənən oğul yetişdirdiniz!.. Məhz Azərbaycan Prezidenti möhtərəm İlham Əliyevin rəhbərliyi ilə Qarabağ bütünlüklə azadlığına qovuşdu!..
Ruhunuz şad olsun, Şəhidlərimiz! Ruhunuz şad olsun, anasının qarnından çıxarılıb nizəyə taxılan körpələrimiz! Ruhunuz şad olsun əsir düşməmək üçün özünü qayadan atan, ana-bacılarımız! Bu gün qisasınız layiqincə alındı. Bu gün Azərbaycanın üçrəngli bayrağı Xankəndidə, Xocalıda, Ağdərədə dalğalanır!
Bu, Ulu Öndərimiz Heydər Əliyevin 100 illiyinə ən böyük töhfədir, desək, yanılmarıq!...