Çünki Əliyar adı igidlik, qəhrəmanlıq, yurdsevərlik, vətənpərvərlik, Şəhidlik rəmzi kimi əbədi olaraq yaddaşlara köçüb, daim belə də qalacaqdır...
Əliyar Əliyev 1957-ci il dekabın 14-də Qubadlı rayonunun Qəziyan kəndində doğulub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunu fərqlənmə diplomu ilə bitirdikdən sonra hərbi xidmətə gedib. Bir neçə dəfə sovet ordusunun sərbəst güləş üzrə çempionu olub. Bir müddət Saransk Universitetində müəllimlik etdikdən sonra doğma rayonuna qayıdıb Dondarlı, Qubadlı orta məktəblərində bədən tərbiyəsi müəllimi, “Məhsul” kənd könüllü idman cəmiyyətində məşqçi, sonra sədr işləyib. Üç övlad atası idi. Güləş məktəbi açmışdı, uşaqları yarışlara hazırlayırdı. Respublika və ümumittifaq yarışlarında həmişə Əliyar Əliyevin yetirmələri ən güclü, ən texnikalı idmançılardan sayılırdı. Yetirmələri arasında 8 respublika və SSRİ çempionu, 10-dan çox idman ustası, beynəlxalq turnirlərin qalibləri var. Sevimli yetirməsi Heydər Məmmədliyev sərbəst güləş üzrə dünya çempionu və 2004-cü il Afina Yay Olimpiya Oyunlarının gümüş medalçısı olub və hazırda Rusiyada tanınmış məşqçidir.
Əliyar Əliyev də həmişə yarışlardan uğurla qayıdırdı. Dəfələrlə müxtəlif idman yarışlarının çempionu, mütləq çempionu, ən güclü iştirakçısı, ən texnikalı güləşçisi kimi geri qayıtmışdı. Respublika əhəmiyyətli bir çox yarışların hakimi, baş məşqçisi təyin olunurdu. Obyektivliyi, vicdanlılığı ilə iştirakçı və taşamaçıların rəğbətini qazanırdı. Respublikamızda milli idman oyunlarının ən fəal iştirakçılarından, təəssübkarlarından idi....
Qubadlının Ermənistan və Qarabağla 132 km-lik sərhədi boyunca erməni hücumları başlayanda Əliyar Əliyev öndə idi, yerli özünümüdafiə dəstələrinə başçılıq edirdi...
Onun döyüş yollarından bəzi epizodları xatırlamamaq isə mümkün deyil.
1992-ci ilin 16 aprelində xaricdə xüsusi hazırlıq keçmiş 50 nəfərlik ön sıra diversiya qrupu “qara bəbir” ləqəbli Suriya ermənisi Karlenin başçılığı ilə Laləzar körpüsünü partladıb bir neçə sərhəd kəndimizin rayonun digər ərazisi ilə əlaqəsini kəsmək, həm strateji yüksəklikləri ələ keçirmək, həm də bu qisası almaq məqsədi ilə sərhədi keçmişdi. Özünümüdafiə dəstəmiz yerli polislərlə birlikdə içərisində muzdlu zəncilər də olan qrupu xeyli irəli buraxıb, mühasirəyə almışdı, hətta, ən yaxın məsafədən atılan, birbaşa hədəfə dəyən avtomat atəşləri də zirehli muzdlulara təsir etmirdi, qanlı döyüşdə bir neçəsi də goruslu yerli erməni olan 11 meyid yerə sərili qaldı, çoxdan sərhəd boyu meydan sulayan ağ “Niva”lı Karlenin cəsədi elə uzun idi ki, ayaqları UAZ-ın yük yerindən bayıra çıxmışdı və iki gündən sonra 26 Xocalı əsirinə dəyişdirilmişdi...
Gorusun Şurnuxu kəndində yerləşən qərargahın dağıdılıb 26 rus və erməni əsgərinin əsir götürülməsini əks etdirən canlı video-lentdən kadrlar əvvəllər televiziyalarda tez-tez göstərilirdi. Ancaq o gün Qubadlıda yaşananlar, o zamankı müdafiə və daxili işlər nazirlərimizin az qala o əsirlərin ucbatından rayonda qırğın törətməyə qalxması da faktdır. Əsirlər elə həmin gün Bakıdan göndərilən yüksək rütbəlilərin müşayiəti ilə Moskvaya, oradan isə İrəvana yola salındı. İrəvanın Teatr meydanında onların qarşılanma mərasimini Ermənistan televiziyaları birbaşa göstərirdi…
Topağac-Başarat yüksəkliyi uğrunda, Seytas kəndi yaxınlığında, Yazı düzündə qabaq-qənşər döyüşdə də ermənilər ağır itkilər vermişdi. 3 “T-72”, 1 ”PDM”-i qənimət alınmışdı...
1992-ci il sentyabrın 30-u idi. Əliyar Əliyevin günlərdir səbirsizliklə gözlədiyi gün gəlmişdi, Laçın rayonunun azad edilməsi əməliyyatına başlanmışdı. Əliyar Əliyevin dəstəsi yüngül silahlanaraq Laçına doğru hərəkət edirdi, gözlənilməz qəfil zərbələrlə düşmənin sıra ilə möhkəmlənmiş postları darmadağın olurdu. Ağır itki verən düşmən cəsarətli partizan dəstəsinin qarşısında qorxu və vahiməyə düşüb qaçmağa üz qoydu. Xeyli döyüş sursatı, texnikası əldə edildi. Dəstə irəliləməkdə idi. Artıq üçüncü gün idi 20-dən çox azad edilmiş kənd, Susuzdağ, Suarası yüksəklikləri geridə qalmışdı. Şimal tərəfdən, Kəlbəcərdən Laçına yaxınlaşmaqda olan hissələrin ratsiya ilə danışıqlarını tuta bilirdilər. Ermənilər bu qorxunc dəstənin cəsarəti qarşısında çaşbaş qalmışdı....
Budur, Laçın şəhərinin cənub istiqamətində Turşsu bulağının başı üzərindəki Qanlı zəmi-Şurum təpəsinə çatmağa az qalıb. Dəstə yorulmuşdu. Lakin heç kəs yorğunluğunu boynuna almaq istəmirdi. Komandir isə UAZ markalı maşınla irəliləməkdə davam edir. Buradan o yana kəsə yolla ancaq piyada qalxmaq mümkündür. Əliyar Əliyev həmişəki kimi öndədir, bir azdan qarşıdakı hündürlükdən neçə vaxtdır əlçatmaz arzuya dönmüş Laçın şəhəri görünəcək...
Qəfil sürəkli atəş səsləri hamının içini dağlayıb yandırır...3 oktyabr 1992-ci il saat 16.00 idi. Əliyar Əliyevlə birlikdə onu bir an belə tək buraxmayan sədaqətli sürücüsü, həm kəndlisi Əlisadət də Şəhidliyin ali məqamına ucalmışdı...
Bu acı xəbər bütün respublikanı yasa boğmuşdu... Çünki hələ zamanı deyildi...
Cəmi 35 il yaşadı, lakin bu 35 ilini şərəflə, ləyaqətlə 100 ilə bərabər bir ömür kimi yaşadı, sinəsini önə verib mübarizə apardı yağı düşmənlə... Yaşasaydı bu gün 65 illik yubileyini qeyd edəkdi Əliyarsevərlər. bütün xalqımız... İkinci ildir Əliyarın ruhu cisminin uyuduğu Qubadlı torpağı, igidlərimizin qanı torpağına hopan Laçın elləri artıq Azərbaycana qovuşub, yağı düşmənin girovluğundan qurtulub, Əliyarın ruhu da dinclik tapıb...
44 gün davam edən qalibiyyətli Vətən müharibəsində Əliyar Əliyevin Qubadlıda komandiri olduğu batalyonda sıravi əsgərdən korpus komandirliyinə qədər şərəfli döyüş yolu keçmiş bir yetirməsi xüsusi igidliyinə görə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə general-leytenant rütbəsinə, digəri isə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb, savaşın önündə gedən onlarla yetirməsi Şəhid, Qazi olublar, orden, medallarla təltif ediliblər. Bu gün də Vətənin sərhədlərində ayıq-sayıq dayanıblar.
Tahirə AĞAMİRZƏ