Müqəddəs Şəhidlərimizin unudulmaz xatirəsinə...
İndi hər gün bizə torpaqlarımızı, yurdumuzu qaytaran, bu böyük Zəfəri bəxş edən Şəhidlərimizdən yazıram. Onların cənnətdəki doğum günlərini təbrik edirəm. Düşünürəm ki, dünyada ən şirin və ən kövrək xatirələr Şəhidlərimizlə bağlı olanlardı. Həmin xatirələr, sadəcə kağız üzərinə yazılmır, həm də ürəyimə, qəlbimə həkk edilir. Bu xatirələri bütün dünyaya danışmaq istəyirəm, qoy bizim necə mərd, igid oğullarımızın olduğunu görsünlər, deyə. Bilsinlər ki, Azərbaycan qəhrəmanlar diyarıdır. Onun uşağından tutmuş qocasına qədər Vətən uğrunda savaşa hazırdı. Necə ki, biz bunun 44 günlük Vətən müharibəsində şahidi olduq. Oğullarımız müharibə xəbərini eşidəndə qol götürüb oynadılar, çünki Qarabağı özümüzə qaytarmaq, düşməndən intiqam almaq ən böyük arzumuz idi. Buna görə də, Ali Baş Komandanımızın ətrafında sıx birləşdik. Məktəblilər daxıllarındakı qəpikləri, qocalar öz təqaüdlərini Ordumuza, əsgərlərimizə göndərdilər. Əli silah tutanımız düşmənlə savaşmağa tələsdi...
Şəhidlər son anda gülümsəyirlər...
...Bir gecə İsmayılın atasının gözünə yuxu getmir, sanki hiss edir ki, oğlu qayıdacaq. Görəsən yaralandımı? Həyətə düşür, oturub bir daşın üstündə səhəri dirigözlü açır. Birdən darvaza döyülür, ata diksinir, ürəyi əsir, qapını açmağa əlləri gəlmir. Darvaza yenidən döyülür və atanın ürəyi elə bil o anda yerindən qopur...
İsmayıl cəbhədən atasına zəng edəndə demişdi: - “Ata, söz ver ki, şəhid olsam, ağlamayacaqsan, sınmayacaqsan”. Atasının elə o andaca ürəyi getmişdi... İsmayıl igid oğlandı, necə deyərlər, müharibədə düşməni gözündən vururdu. Bir gün qanlı döyüşlərin birində bərk yaralanır. Yoldaşları ona sarı gedərkən əli ilə işarə edir ki, gəlməyin, mən artıq şəhid oluram. Deyirlər ki, İsmayıl şəhid olduğu an gülümsəyirdi...
Pəncərədən sağ qalan əlimi yellədim...
...Vətən Müharibəsi qazisi Mübarizin dediklərindən: - “Biz Şuşa istiqamətində irəliləyirdik. Bir gün mən də bəzi yoldaşlarım kimi yaralandım. 3 gün köməksiz, yaralı vəziyyətdə qaldıq. Elə bir relyef, elə şərait idi ki, ora nə maşın, nə də əlavə qüvvə gələ bilərdi. Sonra yenidən atışma oldu və mən təzədən yaralandım. Bizə su içməyə icazə vermirdilər. Bir gün yağış yağdı və bizi sellofana bükdülər. Biz o sellofanı deşib, dodaqlarımıza su vururduq. Bir neçə gün sonra mən huşumu itirdim. Gözümü açanda xəstəxanada idim. Gördüm hamı çalıb-oynayır. Biz Zəfər qazanmışdıq. Güclə ayağa qalxdım və pəncərədən sağ qalan əlimi yelləyib adamların sevincinə qoşuldum...”
Mənim oğlum qəhrəmandır
Kamilin xatirələri köz kimi yandırır: - “Şəhid olan dostum Azərin ailəsini ziyarət etmək istədim. Uşaqları üstümə yüyürdü və məni ataları bilib boynuma sarıldılar. O qədər təsirləndim ki, bir də hərbi geyimdə onlara getməyəcəyimə özümə söz verdim. Anladım ki, şəhid anaları, ataları, xanımları, övladları da bir qəhrəmandır...”
…“Qəhrəman bizim üçün ölməyib. O hər an bizimlədi”, - deyir həyat yoldaşı - hərbi geyimdə yoldaşının tabutuna çiynini verən qadın...
…“Tərlan başımın tacı, gözümün nuru, o mənim qəhrəmanımdır”, - deyir, şəhid anası...
Şəhid valideynləri deyirlər ki, bilirdik, torpaqlarımız alınmalıdır. Bu da şəhidsiz, qansız olmur. Biz oğlumuzla fəxr edirik. O, Vətən, torpaq
uğrunda şəhid olub. Vətən sağ olsun!
Elə bu kövrək xatirələr də sonra qəlbimdə misralara dönür:
Şəhiddir mənim adım,
Vətən üçün doğuldum.
Vətən üçün yaşadım,
Uğrunda Şəhid oldum.
Mən cismən olmasam da,
Şəhidəm, ölməmişəm.
Sağım-solum gülüstan
Cənnət budur, gəlmişəm.
Mənimtək neçə oğul
Qurban oldu bu yurda.
Təki Vətən sağ olsun,
Elim qalmasın darda.
Anam da qürurludur,
Adım Vətənlə təndir.
Mənim ilk beşiyim də,
Məzarım da, Vətəndir!
Mina RƏŞİD